Dostluq

Zərifə Rəsullu
2 min readOct 18, 2020

--

dostluq

Uzun müddət idi davam edən sadəcə dərs oxuduğum, kod yazdığım, daim yeni şeylər öyrəndiyim günlərin ardından özümü həm fiziki, həm də zehni olaraq çox yorğun hiss edirdim. Hətta həqiqətən də etmək istədiyim şeyin kod yazmaq olub olmadığını sorğuladığım da oldu. Bir ömür ancaq belə keçərdimi həqiqətən? Sadəcə ekran arxasında oturub mücərrəd anlayışlar haqqında öyrənmək.. və hər nə qədər ortaya bir şey çıxartsan da yaratdığın şey yenə də virtual aləmin mücərrəd parçası olacaq və.s. Bu müddət ərzində gördüyüm tək şey ekran idi, demək olar ki, otağa daxil olub axşama qədər otaqdan ancaq yuxulamaq üçün çıxdığım günlər..

Bəs bunların dostluqla nə əlaqəsi?! O qədər əlaqəlidir ki! Sadəcə ekran arxasında olduğum günlər, bu sorğulamalarım və.s Mən hələ də fərqində deyildim ki, nə isə düzgün getmir. Özümü tanıyannan təkliyi o qədər çox sevmişəm ki! Hələ də sevirəm, amma insanların həyatımdakı rolunu dərk etmirdim. Bəs necə oldu dərk etdim?
Mənim üçün maddi şeylərdən çox, içində mənəvi hislər daşıyan hər şey həmişə dəyərli olub. Məsələn: “insanların rolu hansısa məsələdə mənə kömək olmaq imiş, mən necə də çarəsizəm insanlarsız!” deməyəcəyəm. Bu onsuz da təbiətin qanunudur. Bunu hamımız bilirik. Yaşamaq üçün birlik lazımdır. Amma mənim danışdığım tamamilə başqa bir şeydir.

dostluq

`Dostluq`. Bu son günlər özümü çox halsız hiss edirdim. Heçnəyə marağım qalmamışdı. Ta ki, mən Bakıya qayıtdım və dostlarımla görüşməyə başladım. Sayları çox deyil.. Saymaq üçün bəlkə də 5 barmaqdan çoxuna da ehtiyac olmayacaq. Amma qəribə bir şeylər olmağa başladı. Mən bir gün ilk dostumla görüşdüm. Bütün günü həvəssiz və tənbəllik etsəm də elə onnan görüşən günü evə gəlib yemək reseptlərinə baxanda tapdım özümü. Nə isə hazırlamaq istəyirdim. Artıq içimdə nə isə etməyə həvəs yaranmışdı. Sonrakı gün digər dostumla görüşdüm və evə gələndə: “Allahım, bu dostluq nə gözəl şey imiş!” dedim. Həmin gün evdən belə çıxmağa həvəsim olmasa da, o gün mən evə üzümdə səbəbsiz bir gülüş və xoşbəxtliklə qayıtmışdım. Sonra başqa bir dostumla görüşdüm və mən bu dəfə də müsbət dəyişikliklər hiss etdim özümdə.
Əslində mən dəyişmirdim. Mən elə həmişəki Zərifə idim. Baş verən nə idi bəs? Mən sadəcə hər bir dostumla görüşdükcə özümə aid parçaları toplayırdım. Həmin parçaları mən düzgün insanları həyatıma alaraq, onlarla zaman keçirdikcə, bəlkə sadəcə onları dinədikcə toplamışdım. Amma uzun müddət onlardan uzaq qaldığım zamanda mən azalırdım. Bəs indi tamamam? Yox. Hələ görüşmədiyim dostlarım var :)

--

--

No responses yet